BAKI, 6 mart. TELEQRAF

2026-cı ilin 1 yanvar vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların 23,7%-ni qadınlar təşkil edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Teleqraf-a verilən məlumat görə, 2023-cü illə müqayisədə fərdi qadın sahibkarların sayı 28,5% artıb.

Məlumata görə, sahibkar qadınların 28%-i Bakıda, 10%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38%-ni, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2%-ni, “Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,2%-ni təşkil edir.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsünə əsasən Qazax-Tovuz (28,7%), Naxçıvan (27,8%), Gəncə-Daşkəsən (26,2%), Bakı (25,6%), Şərqi Zəngəzur (24,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.