“Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 35 milyon 950 min 630 manat olan 17.975.315 ədəd səhmi satışa çıxarılıb. Müəssisənin ümumilikdə 3 milyon 929 min 120 manat öhdəlikləri var.

Məlumata görə, bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 10.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesində müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 18.000.000 manatdan az olmayan məbləğdə vəsaitin ödənilməsini təmin etməlidir.

Qalib nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları və xarici investorlar iştirak edə bilərlər. İnvestisiya müsabiqəsinə çıxarılan müəssisə ilə Xidmətin rəsmi internet səhifəsi vasitəsilə tanış olmaq olar.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 2026-cı il aprelin 15-i də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Dövlət Xidmətinin inzibati binasında 2026-cı il aprelin 16-sı saat 15:00-dan başlayaraq həyata keçiriləcək.