BAKI, 6 mart. TELEQRAF
Müvəkkil banklara ayrılan limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1522 (ümumi müraciət 9019), güzəştli ipoteka krediti əldə etmək üçün isə 643 şəxs (ümumi müraciət 4369) müraciət edib.
İpoteka və Kredit Zəmanət Fondundan Teleqraf-a verilən məlumata görə, 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb.
Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 2026-cı il martın 5-i saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 2026-cı il martın 6-sı saat 11:00-dan başlanılıb.
Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində və şəffaf şəkildə qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri həyata keçirilib, tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin edilərək daimi nəzarətdə saxlanılıb.
Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılır.