Rusiya hökuməti tezliklə Avropaya qaz ixracının dayandırılması ehtimalını müzakirə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Reuters" agentliyinə bildirib.

"Prezidentin tapşırığına əsasən, enerji şirkətləri ilə mövcud vəziyyəti və enerji resurslarımızın nəqli üçün mümkün marşrutları müzakirə etmək üçün tezliklə görüşəcəyik", - deyə o bildirib.

Novak əlavə edib ki, Rusiya hələ də Avropaya qaz tədarük edir:

"Rusiya ixracatının 12%-dən çoxu ora gedir. "Qlobal enerji balansında mövcud qaz kəsiri nəzərə alındıqda, bu, kifayət qədər böyük həcmdir", - deyə o əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl bildirib ki, Aİ-nin qaz tədarükündən tamamilə imtina etmək niyyəti nəzərə alınmaqla, Rusiya Avropa bazarından erkən çıxmağa və daha cəlbedici alıcılara yönələ bilər.