BAKI, 5 mart. TELEQRAF

Nağdsız dövriyyə üzrə ƏDV qeydiyyatl limitinin artırılması ilə bağlı ictimaiyyətdə formalaşan bəzi fikirlər reallığı tam əks etdirmir. Mediada təqdim olunan “ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılıb” fikri yanlış təsəvvürdür.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar Ağazadə “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.

O bildirib ki, Vergi Məcəlləsinə dəyişiklikdən əvvəl qüvvədə olan hüquqi tənzimləməyə əsasən, ƏDV qeydiyyat həddi 200 min manat təşkil edirdi. Bu məbləğin hesablanmasında bütün dövriyyələr – həm nağd, həm də nağdsız əməliyyatlar 100 faiz həcmdə nəzərə alınırdı. Yeni yanaşmaya görə isə ƏDV qeydiyyatı məqsədləri üçün POS-terminal vasitəsilə formalaşan nağdsız B2C dövriyyə 50 faiz götürülür:

"Dəyişikliklərin əsas məqsədi nağdsız ödənişlərin stimullaşdırılması, kölgə dövriyyəsinin azaldılması və iqtisadi şəffaflığın gücləndirilməsidir.

Bir çox ölkələrdə ƏDV qeydiyyat həddi Azərbaycandan daha aşağıdır. Gürcüstanda bu göstərici 62 min 700 manat, Rusiyada 170 min 500 manat, Özbəkistanda 140 min 700 manat, Tacikistanda 182 min 500 manat, Litvada 89 min manat, Latviyada 99 min manat, Estoniyada 79 min manat, Moldovada isə 119 min 800 manat təşkil edir. Azərbaycanda isə ƏDV qeydiyyat həddi 200 min manatdır".