BAKI, 2 fevral. TELEQRAF
ABŞ hökuməti 2025-ci ildə gömrük rüsumlarından təxminən 287 milyard dollar gəlir əldə edib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin analoji göstəricisini demək olar ki, üç dəfə üstələyir.
Qəzetin yazdığına görə, sözügedən vəsait ABŞ büdcəsinə idxalçılar tərəfindən ödənilib. Prezident administrasiyası rüsumların xarici şirkətlər tərəfindən ödəniləcəyini bəyan etsə də, iqtisadçıların əksəriyyəti əsas maliyyə yükünün ABŞ biznesinin və istehlakçılarının üzərinə düşdüyü qənaətindədirlər.
Donald Tramp isə gömrük rüsumlarından əldə olunan gəlirləri 600 milyard dollar səviyyəsində qiymətləndirir.
Qeyd edək ki, Tramp 2025-ci ilin aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq edildiyini elan edib. Sonradan prezident bir sıra ölkələrdən gətirilən mallar üzrə tarif dərəcələrini dəyişib.