BAKI, 9 yanvar. TELEQRAF
Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan 2025-ci ildə və 2026-cı ilin əvvəlində Azərbaycan vasitəsilə ölkəyə idxal olunan yüklərin həcmi ilə bağlı məlumat açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana ümumilikdə 6 580 ton taxıl daşınıb:
"Bunun 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir. Həmin dövrdə, həmçinin 1 210 ton Azərbaycan benzini Ermənistana çatdırılıb. 2026-cı il yanvarın 8-nə olan məlumata əsasən, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8 485 ton Rusiya taxılı daxil olub, əlavə olaraq 4 103 ton taxıl hazırda yoldadır. Eyni zamanda, 7 600 ton Azərbaycan neft məhsulu daşınma mərhələsindədir. Bunun 6 100 tonu benzin, 1 500 tonu isə dizel yanacağıdır".
G. Papoyan əlavə edib ki, bu proseslərin fonunda benzin və dizel yanacağının qiymətində əvvəlki ayla müqayisədə 1 litr üçün 80 drama qədər ucuzlaşma gözlənilir:
"Yaranmış şərait digər yanacaq satışı ilə məşğul olan şirkətləri də qiymətləri aşağı salmağa təşviq edir".