BAKI, 12 noyabr. TELEQRAF
Cari ilin yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə (137,6%) artıb.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.
Bundan əlavə, alüminium və ondan hazırlanan məmulatların ixracı 39,2%, qara metallardan hazırlanan məmulatların ixracı 34%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 27,1%, mis və ondan hazırlanan məmulatların ixracı 24,9%, üzvi kimyəvi birləşmələrin ixracı 16,1%, pambığın ixracı 14,2%, tərəvəzlərin ixracı 11,6%, qəhvə və çayın ixracı 10,9%, yeməli meyvələrin ixracı isə 6,7% artıb.
Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 12,7% artaraq 866,9 milyon ABŞ dollarına, aqrar-sənaye məhsulları üzrə ixrac isə 28,8% artımla 334,9 milyon ABŞ dollarına çatıb. Aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 16,7% artaraq 1,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.