BAKI, 24 noyabr. TELEQRAF
Belçikada işçilər bu gündən üç günlük tətilə başlayıblar.
Teleqraf xəbər verir ki, həmkarlar ittifaqları hökumətin büdcə kəsintiləri və pensiya sisteminə dair islahat planlarına etiraz olaraq ümummilli tətil elan edib.
Tətil aksiyalarının üç mərhələdə keçirilməsi planlaşdırılır. Bu gündən qatarlar və ictimai nəqliyyat işini dayandırıb. Milli dəmir yolu şirkəti olan SNCB bəzi xətlərdə hər üç qatardan ikisini, digərlərində isə yalnız birini xətdə saxlaya biləcəyini açıqlayıb. Brüssel-Paris marşrutu üzrə bir neçə “Eurostar” reysi ləğv edilib.
Çərşənbə axşamı məktəblər, uşaq bağçaları və xəstəxanalar kimi ictimai xidmət sahələri də tətilə qoşulacaq.
Çərşənbə günü isə həmkarlar ittifaqları bütün sahələri əhatə edən ümumi tətil elan edib. Ölkənin iki əsas hava limanı Brüssel Hava Limanı və “Charleroi” həmin gün uçuşların olmayacağını açıqlayıb.

Bəs tətillərin ölkə iqtisadiyyatına hansı təsiri olacaq?
İqtisadçı Steyn Dekok ümumi tətilin Belçika iqtisadiyyatına təxminən 360 milyon avroya başa gələcəyini hesablayıb. Bu rəqəm işçi qüvvəsinin 20 faizinin tətil etməsi və ya tətil səbəbindən işləyə bilməməsi ehtimalına əsaslanıb.
Dekokun sözlərinə görə, Belçika iqtisadiyyatı il ərzində təxminən 400 milyard avro əlavə dəyər yaradır ki, bunu da orta hesabla 220 iş gününə böldükdə gündəlik 1,8 milyard avro deməkdir. İşçi qüvvəsinin 20 faizinin itirilməsi bir günlük tətilin dəyərini 360 milyon avro səviyyəsinə çatdırır.
Dövlət həmin əlavə dəyər gəlirlərinin təxminən 50 faizini vergi və digər ödənişlər şəklində topladığı üçün xəzinənin itkisinin 180 milyon avro olduğu ehtimal edilir.
Bununla belə, Dekok qeyd edib ki, işin bir hissəsi sonradan bərpa olunacaq, buna görə də itkilər “daimi” sayılmır.

2025-ci ildə ölkənin işəgötürən təşkilatları (KOB və biznes qrupları) bir günlük tətilin dəyərini yüz milyonlarla avrodan yarım milyard avroyadək qiymətləndirib.
İşəgötürən təşkilatlar 2025-ci ildə artıq 88 gün tətil edildiyini hesablayıblar.
Brüssel Hava Limanı, Brüssel Hava Yolları və “TUI fly” şirkətlərinin cari ilin iyununda verdiyi birgə açıqlamaya görə, Belçikada tətil aksiyaları aviasiya sektoruna xüsusilə ciddi zərbə vurur. Bildirilib ki, 2025-ci ilin yanvar-aprel aylarında təkrar olunan aksiyaları 180 min sərnişinə təsir edib.
Brüssel Hava Limanının baş icraçı direktoru Arnaud Faystın sözlərinə görə, 2025-ci ildə edilən tətillər Belçika iqtisadiyyatına təxminən 100 milyon avroya başa gəlib.
Təkcə Brüssel Hava Yolları tətil aksiyalarının, hətta öz əməkdaşlarının işə çıxdığı günlərdə belə, zəncirvari təsirlər səbəbindən şirkətə 8 milyon avro zərər vurduğunu açıqlayıb.
Qeyd edək ki, Brüssel Hava Limanı sonuncu dəfə fəaliyyətini 2019-cu ildə hava dispetçerlərinin hava məkanını bağlaması səbəbindən dayandırıb.
Bununla hava limanı təxminən 10-13 milyon avro gəlir itkisi ilə üzləşmişdi. Zərərlər ləğv edilmiş uçuşların eniş haqlarından qaynaqlanırdı. Hava limanı həmin gün 222 reysi ləğv etmişdi.