BAKI, 7 noyabr. TELEQRAF
Dövlət büdcəsində tikinti layihələri bağlı rəqəmlər müəyyən olunmur. Dövlət büdcəsi əsaslı vəsait qoyuluşu və ya Böyük Qayıdış proqramı və ya bu tipli layihələrlə bağlı ümumi rəqəmi müəyyən edir. Əsaslı vəsait qoyuluşu növbəti il üçün 3.7 milyard, Böyük Qayıdış 3.5 milyard manatdır. Onların layihələr üzrə bölgüsü artıq sizlər tərəfindən bu ümumi rəqəm təsdiq olunduqdan sonra aparılacaqdır. Ona görə də bugün dövlət bücəsindən rayonlarda infrastruktur tikintisinin bölgüsü aparılmır.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib:
Bunun üçün mən deputatlarımızdan xahiş edirəm ki, müvafiq sahə üzrə bizim profil, funksional qurumlarımıza müraciət eləsinlər. Artıq bu rəqəm təsdiq olunandan sonra İqtisadiyyat Nazirliyi həmin qurumlarımızdan növbəti il üçün prioritetlər istəyirlər.
Prioritetlərdən asılı olaraq o layihələrin siyahısı hazırlanaraq təqdim olunur və əlavə olaraq təsdiq olunur. Eynilə də Böyük Qaydış layihəsi üzrə. Ümumi rəqəmi təsdiq edirik, ardınca isə artıq Nazirlər Kabineti vasitəsilə bunun layihələrə bölgüsü aparılır. Mən düşünürəm ki, konkret layihələrlə, tikintilərlə bağlı bizim müvafiq profil qurumlarımıza müaciət edilməlidir və onlar tərəfindən prioritetlər siyahısına salınmalıdır.