Bu ilin üçüncü rübündə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adındanbu ilin üçüncü rübü üzrə hesabatında qeyd edilib.

Bildirilir ki, ilk üç rüb ərzində terminal təxminən 159 milyon barel neft və kondensat ixrac edib. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Hesabat dövründə terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,5 milyon standart kubmetr (təxminən 2 milyard 629 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.