BAKI, 6 noyabr. TELEQRAF
Bu ilin ilk üç rübü ərzində Bakı-Tblisi-Ceyhan boru kəməri ilə 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 216 tankerə yüklənib və yola salınıb.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin ilin üçüncü rübü üzrə biznes hesabatında qeyd edilib.
Məlum olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk üç rübü ərzində BTC vasitəsilə ixrac azalıb. Belə ki, ötən il 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənmiş və yola salınıb.
1768 km uzunluğunda olan BTC boru kəməri istismara verildiyi andan cari ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (4,6 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.