BAKI, 6 noyabr. TELEQRAF
"Təkcə Vergi Məcəlləsinə 45-ə qədər dəyişilik təklif olunur və bu, əsasən iqtisadiyyatı stimullaşdırmaq, sahibkarlığa dəstək və şəffaflığın artılması tədbirlərini nəzərdə tutur".
Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.
"2019-cu ildən etibarən biz özəl və qeyri-neft sahəsinə gəlir vergisi üzrə güzəştlər tətbiq etmişdik. Vergi dərəcəsinin 8 min manata qədər olan hissəsi sıfırlanmışdı.
Növbəti ilə yanvar ayının birində bu güzəştlərin müddəti bitir. Biz yanvarın 1-dən özəl, qeyri-neft sektorunda ümumi qanunverivilik çərçivəsində vergiyə cəlbi başlamalı idi. Bu sərt keçid ola bilərdi. Bu iqtisadiyyata xoşagələn təsirlərlə nəticələnməyə bilərdi. Biz bu gün mərhələli keçidi təklif edirik. Bu, üç illik dövrü əhatə edəcək. 2500 manatadək 1 yanvar 2026-cı ildən 3 faiz, 1 yanvar 2027-ci ildən 5 faiz və 2028-ci ildən artıq 7 faiz vergi dərəcəsinin tətbiq olunması, eyni zamanda 2500-8000 manat arasında 10 faiz və 8000-dən yuxarı 14 faiz olması təklif olunur. Bu zərfin bir hissəsidir", - deyə qeyd edib.