BAKI, 4 noyabr. TELEQRAF

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə olan vergi borcları ilin əvvəli ilə müqayisədə 452,6 mln. manat və ya 14,3% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Qeyd edilir ki, vergi borcunun artımına həm verginin əsas məbləği, həm də maliyyə sanksiyası və faizlər təsir edib. Borc artımının 60,3%-i əsas məbləğə məxsus olduğu halda, 25,3%-i də faizlər hesabına təmin edilib. Dövrün sonuna olan borc məbləğinin 35,1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması bu istiqamətdə inzibatçılığın artırılmasını labüd edir:

"Dövlət büdcəsinə olan borcların əhəmiyyətli hissəsi qeyri neft-qaz sektoruna, o cümlədən qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin ödənilməmiş öhdəlikləri ilə əlaqədardır. Belə ki, 01.10.2025-ci il tarixinə olan ümumi borcun 3562 mln. manatı qeyri neft-qaz sektoruna, o cümlədən 3399,8 mln. manatı qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin payına düşüb. Qeyd edək ki, əvvəlki dövrlər üzrə DVX tərəfindən təqdim edilmiş məlumatlara əsasən, vergi borclarının əhəmiyyətli hissəsi cinayət işi açılan, məhkəmə və mübahisələndirmələr nəticəsində yaranan borclardan ibarət olub".