BAKI, 4 noyabr. TELEQRAF
2026-cı ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində "Azəri-Çıraq-Günəşli" (AÇG ) layihəsi üzrə mənfəət vergisi 300 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin proqnozundan 150 milyon manat və ya 33,3 faiz, 2024- cü ilin icrası ilə müqayisədə isə 365 milyon manat və ya 2,2 dəfə azdır.
Teleqraf xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfi layihəsində öz əksini tapıb.
Qeyd edilir ki, 2026-cı ildə 2025-ci il büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb AÇG üzrə neft hasilatının 3,9 milyon barel (gündəlik10,7 min barel) azalması, eyni zamanda “Azərilayt” markalı xam neftin bir barelinin orta satış qiymətinin 5 ABŞ dolları az olmaqla 65 ABŞ dolları nəzərdə tutulması, habelə əməliyyat və kapital xərclərinin artımı ilə bağlıdır.
Şahdəniz layihəsi üzrə mənfəət vergisi 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2025- ci ilin proqnozu ilə müqayisədə 100 milyon manat və ya 6,7 faiz çox, 2024-cü ilin icrası ilə müqayisədə isə 741 milyon manat və ya 31,7 faiz azdır. 2025-ci ilin proqnozu ilə müqayisədə artım, təbii qazın orta satış qiymətinin cari il üzrə nəzərdə tutulmuş göstəricidən 8,3 faiz və ya 20 ABŞ dolları yüksək götürülməsi ilə əlaqədardır.
Eyni zamanda, 2024-cü ilin icrası ilə müqayisədə azalma, təbii qazın orta satış qiymətinin 11,7 faiz və ya 34,8 ABŞ dolları, “Azərilayt” markalı xam neftin bir barelinin qiymətinin isə 17,7 ABŞ dolları və ya 21,4 faiz aşağı proqnozlaşdırılması, habelə təbii qaz hasilatının 686,8 milyon m3 və ya 2,5 faiz, kondensat hasilatının isə 4,4 milyon barel və ya 12,6 faiz azalması ilə izah olunur.