BAKI, 29 sentyabr. TELEQRAF
"Yaşıl iqtisadiyyata keçid çox bahalı bir prosesdir və hazırda iqlim maliyyəsini 1,3 trilyona çatdırmaq qərarı var. Ona görə də "Bakıdan Belemə yol xəritəsi" adlı bir sənəd üzərində işləyirik və bizim COP30 komandası ilə COP29 komandası birgə bu prosesin tərkib hissəsidir".
Teleqraf xəbər verir ki, bu barədə COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O bildirib ki, lazım olan məbləği toplamaq üçün tək dövlətlərin verdiyi pullar kifayət deyil:
“Buraya özəl sektor qoşulmalıdır, xeyriyyə təşkilatları qoşulmalıdır və bunun mexanizmi olmalıdır. Əsas önəmli məsələlərdən biri də odur ki, seçilmiş dorğu mexanizmlə bu maliyyə həqiqtən də ehtiyacı olan həm dövlətlərə, həm strukturlara, həm də lazım olan icmalara çatsın. Yəni, əsas məsələ də bundandır. Ona görə biz COP30 komandasıyla yaxından çalışırıq. Noyabrda COP29-un sədrliyi Belemdə olacaq. COP30 komandasının bizimlə hər sahədə, həm danışıqlar, həm qeyri-dövlət aktorları ilə iş baxımından, eləcə də qlobal iqlim fəaliyyəti baxımından yaxından çalışır. Biz də COP30-da təcrübəmizi paylaşamağa çalışırıq”.
Nigar Arpadarai əıavə edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycan üçün önəmlidir, çünki bu COP29 irsinin davamıdır:
“Bu Azərbaycanda COP29-dan sonra bütün cəmiyyəti birləşdirən ən böyük iqlim tədbiridir. Yenə də Azərbaycanın öz üzərinə götürdüyü bu rola məsuliyyətlə yanaşmasının göstərir. COP29 çox önəmli bir prosesdir və Azərbaycan onun sədri olaraq artıq tamamilə yeni bir mərhələyə qalxıb və nüfuzlu bir prosesin sədrliyini üzərinə götürüb.
Biz bu işə çox məsuliyyətlə yanaşırıq və bu prosesdə də çalışırıq ki, inklüzivlik olsun, yəni burada tək dövlət yox, qeyri-dövlət strukturları da aktiv olsun. Ona görə də, Bakı İqlim Fəaliyyəti Həftəsi açıq formatda keçirilir, yəni özəl sektor, vətəndaş cəmiyyəti, gənclər burada çox aktivdir”.