BAKI, 23 aprel. TELEQRAF
“Avropanın seçimi müharibə ilə sülh arasında yox, ölüm ayağında olan təhlükəli rejimlə azad İran arasındadır. İndi sual ölkələrin İran xalqının yanında olub-olmayacağı, yoxsa şərə baş əyəcəyi ilə bağlıdır”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Avropa Parlamentinin üzvləri ilə görüşündə deyib.
Keçmiş şahzadə bildirib ki, İran rejimi törətdiyi terror aktları ilə öyünür və Avropanı uzaqmənzilli raketlərlə təhdid edir.
Rza Pəhləvi Avropa dövlətlərini İran səfirlərini ölkələrdən çıxarmağa və keçid hökumətini dəstəkləməyə çağırıb.
Şahın oğlu keçid hökumətinin sülhə sadiq qalacağını və hazırkı rejimin nüvə proqramlarını məhv edəcəyini vurğulayıb.
Pəhləvi azad İranın regionda proksi müharibələrinə son qoyacağına da söz verib.
Keçmiş şahzadə ABŞ və İran arasında gedən danışıqlara da toxunub:
“İranla danışıqların sabit vəziyyətə gətirib çıxaracağına inanmıram. Rejim öz gücünü bərpa etməyə çalışacaq, bu, təəssüf doğurur, çünki İran xalqı hələ də qırğına məruz qalır. Mövcud böhrandan çıxış yolu İran rejimi danışıqlar aparmaq yox, xalqa onu devirməyə kömək etməkdir”.
Pəhləvi Qərb mediasındakı təbliğatlara baxmayaraq, ABŞ ilə danışıqlar üzrə İran nümayəndə heyətinin rəhbəri, parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin praqmatik olmadıqlarını və eyni rejimin öldürücü maşınının fərqli simaları olduqları barədə xəbərdarlıq edib.
Şahın oğlu İran xalqının hakimiyyətin başında onu görmək istədiyini də iddia edib: “On milyonlarla iranlı mənim adımı çağırdı və çağırmağa davam edir. Bu gün mənim ən böyük dəstəkçim yeni nəsildir. Mən heç kimin agenti deyiləm, mən İran millətinin agentiyəm”.
Rza Pəhləvi əlavə edib ki, hazırkı rejim hakimiyyətdə qalsa, daha çox müharibə qaçılmaz olacaq.