BAKI, 23 aprel. TELEQRAF
“Ukrayna öz xalqının həyatı bahasına Avropanı müdafiə edir, buna görə də Avropa İttifaqına simvolik yox, tamhüquqlu üzvlüyə layiqdir”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Əvvəla, bütün tərəfdaşlara, bütün Avropa İttifaqı liderlərinə - Almaniya, Fransa, Polşa, Rumıniyaya, eləcə də Ukraynanın ittifaqa sürətli üzvlüyünü dəstəkləyən və sürətləndirmə formatı axtaran bütün ölkələrə təşəkkür edirəm. Amma gəlin ədalətli olaq, Ukraynanın Avropa İttifaqına simvolik üzvlüyə ehtiyacı yoxdur. Ukrayna özünü və Avropanı müdafiə edir. O, Avropanı simvolik yox, real müdafiə edir”, - o bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Avropanı qorumaq üçün əlindən gələni edir.
Prezident ukraynalıların bu uğurda gedən müharibədə həlak olduqlarını vurğulayıb:
“Biz ortaq Avropa dəyərlərini müdafiə edirik. Hesab edirəm ki, biz Avropa İttifaqına tamhüquqlu üzvlüyə layiqik”.