BAKI, 29 sentyabr. TELEQRAF
Azərbaycan həm də ilk süni intellekt strategiyasını (2025–2028) hazırlayaraq milli AI vizionunu qəbul edən ölkələr qrupuna daxil oldu.
Teleqraf xəbər verir ki, bu sözləri "İnmerge" İnnovasiya Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, strategiya süni intellektin məsuliyyətli və innovativ istifadəsi üçün prioritetləri müəyyənləşdirir. Rəqabət qabiliyyətinin artırılmasını, rəqəmsal transformasiyanın sürətləndirilməsini və Azərbaycan vətəndaşlarının yalnız istifadəçi deyil, həm də qlobal inkişafına töhfə verənlər olmasını hədəfləyir:
"Əlbəttə, insan kapitalı haqqında da bir neçə söz demək istərdim. Çünki süni intellekt və yeni texnologiyalara əsaslanan kapital həyatımızı, işimizi, təhsil və öyrənmə prosesini dərindən dəyişir. Əgər biz bu texnologiyaları sadəcə istifadə etməklə kifayətlənsək, yeni kəşf və ixtiralara töhfə verməsək, qlobal trendlərdən geri qalmaq riski ilə üz-üzə qala bilərik.
Buna görə də biz sadəcə başqalarının nailiyyətlərini izləməklə kifayətlənə bilmərik. Öz töhfəmizi verməyə çalışmalıyıq. Bu səbəbdən bilik və bacarıq boşluqlarının aradan qaldırılması, təhsil proqramlarının yenilənməsi və qlobal öyrənmə platformalarına çıxışın təşviqi vacibdir".
M.Cabbarov bildirib ki, on minlərlə vətəndaşı gələcək bacarıqlarla təchiz etməyi hədəfləyirik:
"Məqsədimiz yalnız 4-cü Sənaye İnqilabına hazır işçi qüvvəsi deyil, həm də yaradıcı potensiala malik kadrlar yetişdirməkdir. 1 aprel tarixindən etibarən 35 mindən çox vətəndaş bu proqrama qoşulub və ümumilikdə 63 min sertifikat qazanıb. Bu, xalqımızın rəqəmsal dövrü qəbul etməkdəki həvəsini və potensialını əyani şəkildə nümayiş etdirir".