BAKI, 4 sentyabr. TELEQRAF
"Azərbaycan və Türkiyə uzun illərdir təkcə enerji sahəsində tərəfdaş deyil, həm də regionun geoiqtisadi mənzərəsini formalaşdıran, sülhə, sabitliyə və davamlı inkişafa töhfə verən, beynəlxalq enerji təhlükəsizliyində birgə addımlayan strateji müttəfiqlərdir".
Teleqraf xəbər verir ki, bu barədə keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir vurğulayıb ki, indiyədək Azərbaycandan Türkiyəyə 120 milyard kubmetrdən çox qaz ixrac olunub, TANAP-la Türkiyəyə 35 milyard, Avropaya isə 50 milyard kubmetrdən artıq qaz nəql edilib. Bu ilin 8 ayında Türkiyəyə 6,6 milyard, Türkiyə üzərindən Avropa ölkələrinə isə 8,3 milyard kubmetr qaz çatdırılıb. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi sayəsində Suriyanın da enerji təhlükəsizliyinə töhfə verilir və qısa müddətdə bu ölkəyə 60 milyon kubmetr qaz göndərilib.
Qeyd olunub ki, Zəngəzur dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan həm karbohidrogenlərin, həm də “yaşıl enerji”nin Naxçıvan üzərindən Türkiyə və beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək strateji marşrutdur. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və türk dövlətləri ilə enerji və kommunikasiya əlaqələrinə yeni güc qatacaq, ölkələrimizi Orta Dəhlizin enerji, nəqliyyat və tranzit üzrə əsas mərkəzlərindən birinə çevirəcək. Bu kontekstdə Naxçıvanla Türkiyə arasında elektrik bağlantılarının yaradılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin “yaşıl enerji”nin ixracı və tranziti üzrə Naxçıvan, Zəngəzur marşrutları ilə yanaşı, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektorunun da icrasından bəhs edilib.
Nazir türk şirkətlərinin Kəlbəcər və Laçında həyata keçirdiyi ümumi gücü 13 MVt olan 4 kiçik su elektrik stansiyası, həmçinin Kəlbəcərdə 240 MVt gücündə külək elektrik stansiyası layihələrinə də toxunub.