ŞUŞA, 2 iyul. TELEQRAF
"Bu gün biz təkcə tarixi əhəmiyyətə malik olan Şuşa şəhərində toplaşmamışıq, eyni zamanda işğaldan azad olunduqdan sonra burada qısa müddətdə həyata keçirilən sürətli bərpa və inkişaf proseslərinin şahidi oluruq".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu gün Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı bildirib.
Nazir müavini Azərbaycanın 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğunu vurğulayıb: "Bu illər ərzində həm təşkilatın sammitlərinə ev sahibliyi edib, həm də fəal şəkildə əməkdaşlıq proseslərinə töhfə verib. Azərbaycan İƏT çərçivəsində yaradılan müxtəlif platformalar əməkdaşlığın genişlənməsi üçün mühüm rol oynayıb. Xüsusilə iqtisadi sahədə Azərbaycan ilə İƏT ölkələri arasında əməkdaşlıq son illərdə nəzərəçarpacaq dərəcədə artıb – ticarət dövriyyəsi təqribən 10 faiz (3.5 milyard dollar) yüksəlib".
Elnur Əliyev Azərbaycanın İƏT çərçivəsində beş azad ticarət və əməkdaşlıq sazişinə qoşulduğunu qeyd edib: "Ölkəmizdə İƏT ölkələrinə məxsus 10 mindən çox şirkət fəaliyyət göstərir ki, bu da iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı marağı nümayiş etdirir. Bu faktlar Azərbaycanın İƏT məkanında mühüm iqtisadi tərəfdaş və təşəbbüskar ölkə kimi rolunu bir daha təsdiqləyir".