BAKI, 20 dekabr. TELEQRAF
"Bu gün monteneqrolu həmkarıma bölgədə olan son inkişaflar, Ermənistan-Azərbaycan postmünaqişə dövründə sülh gündəliyi barədə məlumat verdim”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
C.Bayramov E.İbrahimoviçi Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində əldə olunmuş razılaşmalar, ondan sonra atılan addımlar və Azərbaycanın Ermənistandan olan gözləntiləri barədə də məlumatlandırdığını deyib.
Nazir qeyd edib ki, Azərbaycan şirkətləri tərəfindən Monteneqroda bir milyard ABŞ dollarına yaxın investisiya qoyulub.
C.Bayramov bildirib ki, ticarət dövriyyəsinin mövcud səviyyəsi qənaətbəxş deyil:
“Həmçinin turizm sahəsində əməkdaşlığı müzakirə etdik. İki ölkənin paytaxtları arasında birbaşa uçuşların təşkili ilə bağlı fikir mübadiləsi aparıldı”.
Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan və Monteneqro arasında nəqliyyat, eləcə də logistika sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur:
“Bu sahədə Azərbaycanın iştirak etdiyi layihələr barədə fikir mübadiləsi aparılıb. Humanitar sahədə də geniş potensial mövcuddur. Təhsil, mədəniyyət və idman bu istiqamətdə əsas prioritetlərdəndir. Monteneqrodan olan tələbələr tələbə mübadiləsi proqramlarımızdan yararlanıblar. Bu çərçivədə həm tələbələr, həm də universitetlər arasında akademik mübadilə imkanlarını müzakirə etdik”.