BAKI. 30 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) – birgə ÜDM həcmini 593,8 milyard dollara çatdıraraq qlobal iqtisadiyyatın 2,1 faizini təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışında qeyd olunub.

Məlumata görə, orta hesabla 5,04 faiz iqtisadi artım qeydə alan türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2,3 faizlik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13,1 faiz, Özbəkistan 6,8 faiz, ŞKTR 6,4 faiz, Türkmənistan 6,3 faiz, Qazaxıstan 5,6 faiz artım nümayiş etdirib, Türkiyə və Azərbaycanda isə müvafiq olaraq 2 faiz və 0,3 faiz səviyyəsində artım qeydə alınıb. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0,2 faiz) müşahidə olunub.

Ticarət sahəsində də güclü göstəricilər qeydə alınıb: TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 369,3 milyard dollara çataraq qlobal ticarətin 4,4 faizini təşkil edib. Bu göstərici TDT ölkələrinin qlobal ÜDM-dəki payından ikiqat çoxdur. Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda ixracın artması müşahidə edilib. Xüsusilə Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə yük axınlarında davamlı artıma nail olub.