BAKI, 29 may. TELEQRAF

Cari ilin iyul ayında Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclasının, habelə biznes forumun keçirilməsi razılaşdırılıb.

Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu barədə Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında keçirilən onlayn formatda görüş zamanı qeyd olunub.

Görüşdə ikitərəfli münasibətlərin yeni əməkdaşlıq sahələri ilə möhkəmlənməsində Hökumətlərarası Komissiyanın mühüm rolu vurğulanıb. Komissiyanın iclasının ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı əks etdirən gündəliyi və digər hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat və imzalanmış sənədlərin münasibətlərin inkişafında mühüm rolu qeyd olunub. Həmçinin Baş katibi To Lamın Hanoy şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda iştirakı dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirilib.