BAKI, 22 may. TELEQRAF
Göygöl rayonunda Göygöl-Topalhəsənli-Şəhriyar avtomobil yolunun 8-ci km-dən ayrılan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin icrasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Teleqraf-a verilən məlumat görə 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10.2 km olan Zurnabad-Gəncə Mollacəlilli avtomobil yolu layihəsi üzrə ilkin olaraq uzunluğu 5.2 km olan Zurnabad-Gəncə qəsəbəsi hissəsində yenidənqurma işlərinə start verilib.

Məlumata əsasən çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. 4-cü texniki dərəcəyə uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problemlər aradan qaldırılır. Layihə üzrə yolların eni 9-10 metrə qədər genişləndirilir.


Aparılan işlər çərçivəsində hazırda layihənin Zurnabad-Gəncə qəsəbəsi hissəsində torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası aparılır. Bununla yanaşı, layihənin sözügedən hissəsinin 1-ci kilometrində bir aşırımlı olmaqla yeni körpünün tikintisinin də icrası nəzərdə tutulur.
Layihənin 5 km uzunluğa malik Mollacəlilli hissəsi üzrə sözügedən işlərlə yanaşı, səkilərin tikintisi və bərpası, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də nəzərdə tutulur.


Əsasən çınqıl və yararsız asfalt örtüklü olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin Mollacəlilli hissəsi 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulacaq, torpaq yatağının eni 10 metrə qədər genişləndiriləcək.
Qeyd edək ki, bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən yüksək keyfiyyətlə icra olunur.