BAKI, 16 may. TELEQRAF

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə bu memorandum 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində keçirilən Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumunun yekununda imzalanıb.

Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrların hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığı genişləndirmək planlaşdırılır.

Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzlərinin yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrinin salınması, aqroinnovasiya platformalarının yaradılması istiqamətində əməkdaşlıq edəcəklər.