Bakı, 13 may. TELEQRAF
"Son illər fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı əhəmiyyətli dərəcədə asanlaşıb."
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro”nun açılış mərasimində səsləndirib.
E.Zeynalov bildirib ki, iqlim dəyişikliklərinin təsirini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni təmin etmək, kənd təsərrüfatını daha ekoloji və məhsuldar bir istiqamətdə inkişaf etdirmək üçün innovativ yanaşmalar tətbiq olunur. Bu kontekstdə rəqəmsal həllərin genişləndirilməsi, elektron kənd təsərrüfatı platformalarının tətbiqi, aqrar sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması prioritet istiqamətlərdəndir:
"Yeni bitki sortlarının, məhsuldar heyvandarlıq cinslərinin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin qurulması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sahənin davamlı inkişafına mühüm töhfə verəcək".