BAKI, 16 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Çində iqtisadi artım gözləntiləri üstələyib. İqtisadi artımda istehlak və sənaye istehsalının rolu mühüm olub.

Teleqraf xəbər verir ki, Çinin ümumi daxili məhsulu (ÜDM) yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% artıb.

Lakin analitiklər hesab edir ki, ABŞ-nin tətbiq etdiyi tariflər Asiyanın bu iqtisadi gücü üçün ən böyük risk olaraq qalır. Bu səbəbdən ölkədə iqtisadi dinamika kəskin şəkildə azala bilər. Növbəti rüblərdə ölkədə iqtisadi artım tempinin kəskin şəkildə zəifləyəcəyi gözlənilir.

“Çin iqtisadiyyatı eyni anda iki əsas yükün təsiri altındadır: daxildə davam edən daşınmaz əmlak böhranı və ABŞ-Çin ticarət müharibəsi”, – deyə “Nomura” maliyyə şirkətinin iqtisadçıları qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən tarifləri 145%-ə çatdırıb, digər ölkələrdən gələn mallara isə planlaşdırılan tariflərin tətbiqini 90 günlüyünə dayandırıb. Çin isə ABŞ mallarının idxalına tətbiq olunan tarifləri 125%-ə qədər artırıb. Bu addım Trampın rüsum tədbirinə cavab olaraq atılıb.

Ağ Ev dərc etdiyi bəyanatda bildirib ki, ABŞ Çinin cavab tədbirləri ilə əlaqədar olaraq bu ölkədən idxal olunan mallara qarşı yeni, 245%-ə qədər çatan tarif tətbiq edə bilər.