.jpg)
BAKI, 20 mart. TELEQRAF
ABŞ Türkiyəyə Rusiyadan aldığı qaza görə “Qazprombank”la ödənişlərini icra etmək üçün istisna müddətini uzadıb.
Teleqraf xəbər verir ki, möhlət müddəti 2025-ci ilin may ayına qədər uzadılıb.
İstisnanın uzadılması Türkiyəyə may ayına qədər Rusiyadan qaz almağa davam etməyə imkan verəcək. Müddət uzadılmasaydı, martın 20-dən sonra Türkiyə aldığı qazın pulunu Rusiyaya ödəyə bilməyəcəkdi.
2024-cü ilin noyabrında ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına 50-dən çox Rusiya bankını, o cümlədən "Qazprombank"ı əlavə edib. Bu, Rusiyadan qaz alan ölkələr üçün ödənişlərin icrasında böyük problemlər yaradıb. Çünki Rusiya prezidenti Vladimir Putinin 2022-ci ildə imzaladığı fərmana əsasən bütün ölkələr aldıqları qazın pulunu “Qazprombank” üzərindən ödəməlidilər.
Ölkənin rəsmi statistikasına əsasən Türkiyənin 2024-cü ildə təbii qaz idxalı 2 faiz artaraq 51,5 milyard kubmetr olub (2023-cü ildə 50,484 milyard kubmetr). 2024-cü ildə Türkiyə Rusiyadan həm LNG şəklində, həm də boru kəmərləri ilə 21,5 milyard kubmetr qaz idxal edib. 2023-cü illə müqayisədə artım 2,6 faiz təşkil edib.