BAKI, 17 mart. TELEQRAF

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov martın 17-də Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qurumdan Teleqraf-a verilən məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, əkin və məhsul subsidiyalarının ödənişi, icarəyə texnikanın ayrılması, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, suvarma suyu ilə təminat, təsərrüfatlara dəymiş zərərə görə sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.

M.Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Nazir Məcnun Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.

Masallı DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.
Nazir Məcnun Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.