BAKI, 25 oktyabr. TELEQRAF

Böyük Britaniyada “Boelo” fırtınası nəticəsində 1 500-dən çox aviareys gecikib. Güclü külək və əlverişsiz hava şəraiti ölkənin bir sıra hava limanlarının fəaliyyətinə təsir göstərib.

Teleqraf xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti “FlightAware” uçuşların izlənilməsi xidmətinin məlumatlarına əsasən məlumat yayıb.

Nəşrin məlumatına görə, reyslərin orta gecikmə müddəti təxminən iki saat olub. London, Mançester, Edinburq və Qlazqo hava limanlarında uçuşlar gecikib.

Şotlandiyada güclü külək nəticəsində aşan ağac 60 yaşlı kişinin ölümünə səbəb olub. Bir neçə gün ərzində bölgəni vuran ikinci fırtına zamanı küləyin sürəti bəzi ərazilərdə saniyədə 38 metrə, İngiltərədə isə saniyədə 31,1 metrə çatıb.

Elektrik xətlərinin qırılması nəticəsində 82 mindən çox ev elektrik enerjisiz qalıb.

Böyük Britaniyanın Meteorologiya Xidməti təhlükə ilə bağlı sarı və narıncı səviyyəli xəbərdarlıqları qüvvədə saxlayır. Xəbərdarlıq ölkənin bütün şimal hissəsini əhatə edir.