BAKI, 24 avqust. TELEQRAF
Misli Premyer Liqasının II turu “İmişli”nin qapıçısı Yusif İmanov üçün əlamətdar olub.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Qolkiper ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. “Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.
100 oyunda 101 top buraxan İmanov karyerası ərzində üç komandada çıxış edib. 2021/22 mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxan qolkiper, “Kəpəz”də 18 matçda 23, “İmişli”də isə 2 qarşılaşmada 3 dəfə qola üzülüb.
Y.İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirən 458-ci futbolçu kimi düşüb. O, bu göstəriciyə nail olan 39-cu qapıçıdır.