BAKI, 25 iyul. TELEQRAF
“Növbəti 1-2 il ərzində cüdoçularımızdan daha böyük uğurlar gözləmək mümkündür”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri barədə danışarkən deyib.
O, yarışın gənc cüdoçuların inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib:
“Turnirin çox böyük əhəmiyyəti var. İlk növbədə, gənc cüdoçular burada ilk beynəlxalq təcrübələrini qazanırlar. Sevindirici haldır ki, ötən il bu yarışın qaliblərindən biri sonradan yeniyetmələr arasında Avropa çempionatında gümüş medal əldə etdi. Həmçinin Avropadan gələn ekspertlər idmançılarımıza yeni fəndlər öyrədirlər. Gənclər məşhur idmançılarla ünsiyyət qurur, onlardan motivasiya alır və gələcəkdə Avropa, dünya çempionu, eləcə də Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar”.
Bağırov gələcəkdə turnirin daha da genişlənəcəyinə inandığını vurğulayıb:
“İnanıram ki, gələcək illərdə iştirakçı ölkələrin sayı daha da artacaq. Xarici idmançılar kifayət qədər güclüdürlər və onların əsl səviyyəsini tatami üzərindəki mübarizə göstərəcək”.
Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri iyulun 25-26-da Bakıda keçirilir. Yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.