BAKI, 22 iyul. TELEQRAF
“İlk dəfədir ki, dünya çempionatında məşqçi kimi iştirak edəcəyəm. Bu, mənim üçün ağır imtahandır, amma belə bir yarış qətiyyən gözümü qorxutmur”.
Teleqraf xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin məşqçisi Hacı Əliyev Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatı öncəsi keçirilən brifinqdə deyib.
Üçqat dünya və dördqat Avropa çempionu təxminən iki aydır milli komandada məşqçi kimi çalışdığını bildirib:
“Dünya çempionatı ilə bağlı sonuncu təlim-məşq toplanışımızı keçiririk. İki aya yaxındır milli komandanın məşqçisi təyin olunmuşam. Bu qısa müddətdə artıq üçüncü təlim-məşq toplanışımızdır.
Nə qədər yaxşı hazırlaşsaq da, dünya çempionatının çox çətin yarış olduğunu bilirik. Xüsusilə güləşdə rəqiblər çox güclüdür. Rusiya, ABŞ, İran və Yaponiya güləşçiləri var. Buna baxmayaraq, komandamızın çox yaxşı hazırlaşdığını düşünürəm. İdmançılar üçün yaradılan şərait də yüksək səviyyədə olub. Fikrimcə, güləşçilərimiz yaxşı nəticələr əldə edəcəklər”.
Hacı Əliyev məşqçilik karyerasında ilk böyük sınağının onu qorxutmadığını vurğulayıb:
“Özüm idmançı kimi çoxlu dünya çempionatlarında iştirak etmişəm. Buna görə məşqçi kimi belə bir yarışa yollanmaq gözümü qorxutmur. İdmanda məğlubiyyət də ola bilər, amma məğlubiyyət bizi heç vaxt qorxutmur. Məqsədimiz gələcək nəsillər üçün sağlam çempionlar və olimpiya çempionları yetişdirməkdir”.