BAKI, 5 iyun. TELEQRAF
"Gözlənildiyi kimi, çempionatdakı oyunlarımız kifayət qədər çətin keçdi. Qrup mərhələsini birinci pillədə başa vurduğumuz üçün sonrakı mərhələlərdə güclü rəqiblərlə qarşılaşdıq. Buna baxmayaraq, futbolçularımız yarışa yüksək səviyyədə hazırlaşmışdılar".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının İcraçı vitse-prezidenti Taleh Nəsibov jurnalistlərə açıqlamasında deyib.
"Təlim-məşq toplanışları və fiziki hazırlıq prosesi istədiyimiz səviyyədə idi. Slovakiyada yaşayan və Avropanın müxtəlif şəhərlərindən gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi futbolçular üçün böyük motivasiya mənbəyi oldu", - deyə bildirib.
Onun sözlərinə görə, komanda hər oyuna yalnız qələbə məqsədilə çıxırdı: "Nəticədə ikiqat Avropa və birqat dünya çempionu kimi vətənə qayıtdıq. Dövlətimizin başçısı tərəfindən komandamız üçün 1 milyon manat məbləğində mükafatın ayrılması bizi qürurlandırdı. Prezident hər bir uğurumuzdan sonra bizi qəbul edir, öz dəstəyini əsirgəmir. Bu diqqət və qayğı futbolçular üçün hər zaman böyük motivasiya rolunu oynayır".