BAKI, 4 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin təmsilçilərinin iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Bakı Su İdmanı Sarayında keçirilən tədbir iştirakçı ölkələrin rəsmi paradı ilə başlayıb.

Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca ölkənin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov layihənin altıncı dəfə gerçəkləşdirildiyini diqqətə çatdırıb. Nazir turnirə marağın hər il daha da yüksəldiyini qeyd edib. O bildirib ki, yarış indiyədək iki dəfə yerli, dörd dəfə isə beynəlxalq formatda təşkil olunub.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev də çıxışında ölkədə bu idman növünün inkişafından danışıb. Federasiya rəhbəri yarışa qatılan idmançılara müvəffəqiyyət arzulayıb.

Qeyd edək ki, “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi iyunun 5-də başa çatacaq.