BAKI, 1 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə milli futbol komandasını 2026 Dünya Kubokunun pley-off finalında Kosovo üzərində qələbə qazanaraq mundialın final mərhələsinə vəsiqə əldə etməsi münasibəti ilə təbrik edib.

Teleqraf xəbər verir ki, Ərdoğan bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, pley-off finalında Kosovonu məğlub edərək Dünya Kubokunun final mərhələsinə yüksələn A Milli Futbol Komandasını səmimi qəlbdən təbrik edir. Prezident qeyd edib ki, ay-ulduzlu bayraq 24 ildən sonra yenidən futbolun ən böyük səhnəsində dalğalanacaq.

Ərdoğan milli komandaya əvvəlcə Avstraliya, Paraqvay və ABŞ-yə qarşı keçiriləcək qrup oyunlarında, daha sonra isə finala qədər davam edəcəyinə ümid edilən qarşılaşmalarda uğurlar arzulayıb. O vurğulayıb ki, komandanın hər zaman olduğu kimi ay-ulduzlu formanı qələbədən qələbəyə daşıyacağına və xalqın qürur mənbəyi olacağına inamı tamdır.

Türkiyə Prezidenti paylaşımının sonunda bütün idmançıları təbrik etdiyini və onlara uğurlar dilədiyini qeyd edib.