BAKI, 1 may. TELEQRAF

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Toy karvanları”nda iştirak edən sürücülərə müraciət edib.

Teleqraf xəbər verir ki, müraciətdə deyilir:

"Ötən gün paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində “toy karvanı”nda hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb.

Ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri göstərir ki, “toy karvanları”nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar".

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bir daha müraciət edərək xatırladır ki, “toy karvanı”nda iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə, ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər.

"Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin!" - deyə müraciətdə qeyd olunub.