BAKI, 1 may. TELEQRAF

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, qəza Bakı–Qazax–Gürcüstan magistral avtomobil yolunun 339-cu kilometrliyində, rayonun Sarovlu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Goranboy rayonunun Azad kənd sakini, 2003-cü il təvəllüdlü İlkin Cəfərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Sarovlu kəndində yerləşən “Ailəm” marketin dəmir hasarına çırpılıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişin - rayonun Azad kənd sakini, 2006-cı il təvəllüdlü Cavad Əliyev ağır bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən akademik Zərifə Əliyeva adına Birləşmiş Xəstəxanaya çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.