BAKI, 29 aprel. TELEQRAF
Bu ilin aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə “Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilib.
Yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.
Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir.