BAKI, 28 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.
Universitetin binası yanğından mühafizə olunub.
***
15:25
"Yanğın zamanı 1 saylı tədris binasında tüstü hiss olunduğuna görə binadakı bütün əməkdaşlar, müəllimlər və tələbələr təxliyə olunublar".
Bunu Teleqraf-a açıqlamasında universitetin mətbuat katibi Nicat Abdullayev deyib.
“Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının yaxınlığında, həyətdə yanğın hadisəsi baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb. Həmin ərazi nəzarətə götürülüb. Heç bir xəsarət alan yoxdur",- o qeyd edib. ğın
***
15:02
Azərbaycan Memarlıq və İnşaat Universitetinin həyətində yanğın baş verib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, universitetin həyətində taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.