YARDIMLI, 27 aprel. TELEQRAF
Yardımlı–Deman avtomobil yolunun Avaş kəndindən keçən hissəsində təhlükəli vəziyyət yaranıb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, çaysahili ərazidən keçən yolun asfalt qatının alt hissəsi eroziyaya uğrayaraq boşalıb. Nəticədə yolun bir hərəkət zolağında sürücülər üçün ciddi risk yaradır.
Sürücülərin sözlərinə görə, ərazini tanımayan şəxslər həmin hissədən ehtiyatsız keçərsə, qəza qaçılmaz ola bilər.
Yolun alt hissəsi tamamilə boşalıb, torpaq kütləsi isə çayın axını ilə yuyularaq çökmə təhlükəsini yaxınlaşdırır.
Təhlükəli hissəyə yalnız kiçik daş parçaları qoyulub. Lakin axşam saatlarında sürücülər bu xəbərdarlığı görməkdə çətinlik çəkirlər.
Sakinlər bildirirlər ki, yolun həmin hissəsi qısa zamanda yenidən qurulmalıdır. Əks halda yolun tamamilə dağılması bu istiqamətdə yerləşən kəndlərin nəqliyyat əlaqəsində ciddi çətinliklər yarada bilər.