FÜZULİ, 19 aprel. TELEQRAF

Füzuli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı 99-NX-578 dövlət nömrə nişanlı avtomobil "VAZ-2107" markalı 01-CD-207 nömrəli nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində dünyasını dəyişiblər. Məlumata görə, qəzada həyatını itirən hər iki şəxs hərbi qulluqçu olub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Süleymanov Süleyman Ziyafəddin oğlu və 2001-ci il təvəllüdlü Namazəliyev Rəşad Vəli oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan R.Namazəliyevin Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

09:26

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonu, Bala Bəhmənli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 4 nəfər sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.