BAKI, 7 aprel. TELEQRAF

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Məhkəməsi prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

Məlumata görə, hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki aya qədər artırılıb.

Qeyd edək ki, mərkəzinin rəhbəri Ceyhun Salmanov, əməkdaşları - Elşad Məhərrəmov və Natiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsə, oğurlanmış şəxsə əzab vermə), 144.3 (ağır nəticələrə səbəb olan adam oğurluğu), 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.