BAKI, 16 mart. TELEQRAF
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Lənkəran-Boradigah avtomobil yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Sultan İlkin oğlu Hacıyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən iki rabitə dirəyini qoparıb, daha sonra Ulum çayı üzərindəki dəmir körpüyə çırpılıb.
Güclü zərbənin təsirindən körpünün dəmir konstruksiyaları zədələnib və avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb.
Qəza nəticəsində sürücü Sultan Hacıyev və avtomobildə olan sərnişin - Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakı şəxslərin köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Lakin sərnişin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.
Sürücünün vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, həyatını itirən Ümid Möhübbətovun atası Nicat Möhübbətov Masallı rayonunda tanınmış həkimlərdən biridir.