BAKI, 9 mart. TELEQRAF

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 249 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 26-sı azyaşlı olmaqla 67 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, avtoqəzalar nəticəsində avtomobillərdə sıxılı qalmış 2 nəfərin meyiti çıxarılaraq təhvil verilib.