BAKI, 6 mart. TELEQRAF
Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib. Hərəkət zamanı yük avtomobilinin üzərində olan yükün bir hissəsi yola aşıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Nəqliyyatın hərəkətində yaranan çətinliyiN qısa müddətdə həll edilməsi və yükün yoldan götürülməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, Qanuna əsasən, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.