BAKI, 4 mart. TELEQRAF
Sumqayıtda baş verən qəzada xəsarət alan şəxslərdən birinin vəziyyəti stabil, digərinin isə ağır qiymətləndirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhərinin çıxışı, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin hazırda müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin vəziyyəti stabil, digərinin isə ağır qiymətləndirilir.
***
13:16
Sumqayıtda İran vətəndaşı qəza törədib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, qəza hadisəsi şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan İran vətəndaşına məxsus "Mercedes" markalı yük avtomobili qarşıdan gələn Siyəzən rayon sakininin idarə etdiyi "Shacman" markalı yük maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.