BAKI, 27 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Soltanov Rövşən Ədalət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.