GƏNCƏ, 23 yanvar. TELEQRAF
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin dindindirilməsi ilə davam edib.
Şahidlərdən Ramin Abdullayev ifadə verib. O bildirib ki, Kamran Əsədovu tanımasa da, Gündüz Abbasovu Gəncə şəhərində yaşayan qohumu vasitəsilə tanıyıb. Tərəflər Bakıda restoranlardan birində görüşüblər. G. Abbasov kiçik bir qulaqlıq göstərib və R. Abdullayevə cihazın necə işləyəcəyini izah edib. Bunun qarşılığında 18 min manat danışılsa da, G. Abbasova 9 min manat pul verib. İmtahandan üç gün qabaq isə övladı Gəncə şəhərinə gəlib. Cihazların ayaqqabının alt hissəsində gizlədildiyi bildirilib. Lakin ilk imtahanda cihaz çalışmayıb. Sonradan G. Abbasov həbs olunduğundan 9 min manatı qarşı tərəfə ödəməyib.
Daha sonra Ruslan Çobanov ifadə verib.
Bildirib ki, tanıdığı Anar adlı şəxs övladının Tibb Universitetinə qəbul olmasını istəyib. R. Çobanov məsələ iə bağlı Namiq adlı şəxslə danışıb. Ruslan Çobanov abituriyentin universitetə qəbul olması müqabilində Anardan 212 min manat alıb. Həmin məbləğin 77 min manatını Namiqə verib, Namiq isə öz növbəsində pulu Gündüz Abbasova çatdırıb. Sonradan işin alınmadığı məlum olub və cinayətin üstü açılıb.
Belə olan halda Anar adlı şəxsin ödədiyi 77 min manatı R.Çobanov özü vəsaitindən geri ödəyib. Prosesdə hakim və dövlət ittihamçısı R.Çovdarovun ifadələrinin ziddiyyətli olduğuna görə, növbəti prosesdə Namiq adlı şəxsin də məhkəməyə çağrılmasını istəyib.
Ardından Kamran Əsədovun qaynı Bəhmən Hüseynli yarım qalan ifadəsini davam etdirib. Hakim Elçin Məmmədov B.Hüseynlinin ibtidai istintaqda verdiyi ifadəsini oxuyaraq ona xatırladıb. İfadəyə görə, Gündüz Abbasov K.Əsədovun ofisinə qara çanta ilə xüsusi cihazlar gətirib. Burada 4 komplekt texniki vasitə, bir ayaqqabı və qara köynək olub. Ofisdə K.Əsədov da olub. B.Hüseynli isə hakimə ibtidai istintaqda belə bir ifadə vermədiyini deyib. Prosesdə hakim B. Hüseynlinin öz xətti ilə ifadəsini təsdiqlədiyini növbəti dəfə xatırladıb.
B. Hüseynli ifadəsində onu da deyib ki, daha əvvəl ifadə verən Gültən Quliyevanın K.Əsədova pul verməsində iştirak etməyib. Həmçinin imtahan verən heç bir abuturientə cihazları quraşdırmadığını əlavə edib. B.Hüseynli ifadəsində sadəcə K.Əsədovun ofisində həmin abuturientlərin cihazla məşq etdiklərini gördüyünü söyləyib. Amma bunun nə məqsədlə edildiyi bilməyib.
Daha sonra məhkəmədə məlum olub ki, Mehman Cəfərov adlı şəxs Naftalan Şəhər Polis İdarəsinə Kamran Əsədovun barəsində şikayət edib. Polis idarəsi həmin şikayəti məhkəməyə göndərib. Həmin şikayət ərizəsi əsasında hakim tərəflərdən Əsədovun barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə fikirlərini soruşub.
Prokuror və Dövlət İmtahan Mərkəzini təmsil edən şəxslər Kamran Əsədovun barəsində həbs qətimkan tədibinin seçilməsinə etiraz etməyib. Vəkillər isə buna etiraz ediblər.
Hakim K.Əsədova da söz verib. Cinayət əməllərində təqsirləndirilən təhsil eksperti tabeliyində olan azyaşlı qızının autizm xəstəsi olduğunun nəzərə alınmasını xahiş edib. Lakin hakim K.Əsədov barəsində həbs qətimkan tədbiri seçib və o, məhkəmə iclas zalında həbs edilib.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İttihama görə, təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd ediblər.